Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Londonda Azərbaycan COP31-ə gedən yolda iqlim prosesinə etimadın gücləndirilməsinə çağırıb

55

Daha iddialı iqlim hədəflərinə nail olmaq üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransları (COP) çərçivəsində aparılan danışıqlar prosesinə etimadın gücləndirilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikri COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev London İqlim Fəaliyyəti Həftəsi (London Climate Action Week 2026) çərçivəsində keçirilən “Dalğanın zirvəsində: okean və iqlim – Mombasadan Antalyaya” adlı yüksəksəviyyəli nazirlər dialoqunda çıxışı zamanı səsləndirib.

Muxtar Babayev bildirib ki, Türkiyə və Avstraliyanın birgə həyata keçirəcəyi COP31 sədrliyinin müəyyən etdiyi prioritetlər – iqlim öhdəliklərinin yerinə yetirilməsi, elektrikləşdirmə, dayanıqlılığın artırılması və qəbul edilmiş qərarların praktik icrası xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, okean və iqlim məsələləri artıq yalnız ekoloji gündəliklə məhdudlaşmır. Dünyada 3 milyarddan çox insan dəniz və sahilyanı ekosistemlərdən asılıdır, dünya əhalisinin təxminən 40 faizi isə sahilyanı ərazilərdə yaşayır. Bir çox ölkələr üçün bu məsələlər iqtisadi inkişaf, təhlükəsizlik və əhalinin rifahı ilə birbaşa bağlıdır.

Azərbaycan tərəfi vurğulayıb ki, iqlim dəyişikliyinin nəticələri bir sıra həssas ölkələr üçün artıq reallığa çevrilib. Dəniz səviyyəsinin yüksəlməsi, sahillərin eroziyası, torpaqların şoranlaşması, gəlir mənbələrinin itirilməsi və əhalinin məcburi köçü davamlı inkişaf qarşısında ciddi çağırışlar yaradır.

Muxtar Babayev qeyd edib ki, bir çox "yaşıl" layihələrin texniki baxımdan həyata keçirilməsi mümkün olsa da, inkişaf etməkdə olan ölkələrdə onların reallaşdırılması yüksək maliyyə xərcləri səbəbindən çətinləşir. Onun sözlərinə görə, bu ölkələrdə kapitalın dəyəri əksər hallarda inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə iki-üç dəfə yüksəkdir.

COP29-un prezidenti Xəzər regionunu nümunə göstərərək bildirib ki, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizində son illərdə su səviyyəsi ildə 20 santimetrdən çox azalır. Bu tendensiya yalnız Xəzəryanı dövlətlər üçün deyil, həm də Asiya ilə Avropanı birləşdirən və strateji əhəmiyyəti artan Orta Dəhlizin inkişafı baxımından əlavə çətinliklər yaradır.

Muxtar Babayev, həmçinin bildirib ki, Azərbaycan iqlim böhranına ən həssas inkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə və təşkilati dəstək göstərməkdə davam edir. Bakıda keçirilən tədbirlərin əsas prioritetlərindən biri də bu ölkələrin beynəlxalq platformalarda daha geniş təmsilçiliyinin təmin edilməsi və səslərinin gücləndirilməsi olub.

O vurğulayıb ki, Azərbaycan Millətlər Birliyinin Katibliyi ilə birgə iqlim dəyişikliyinə həssas ada dövlətlərində həyata keçiriləcək layihələr üçün beş il ərzində 10 milyon ABŞ dolları ayırmağı öhdəsinə götürüb. Bu təşəbbüs həmin ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşma imkanlarının genişləndirilməsinə və dayanıqlılığının artırılmasına xidmət edir.

Sonda qeyd olunub ki, okeanlar, dənizlər və su sistemləri artıq iqlim dəyişikliyinin iqtisadiyyata, infrastruktura və təhlükəsizliyə təsirini aydın şəkildə nümayiş etdirir və gecikmənin ağır nəticələrini bir daha xatırladır.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın