Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

"Fondo Strategico Italiano" Azərbaycan bazarında əməkdaşlıq imkanlarını dəyərləndirir

76

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) uzun müddətdir əməkdaşlıq etdiyi, İtaliyanın özəl səhmlərin idarə olunması üzrə aparıcı şirkətlərindən biri olan "Fondo Strategico Italiano" (FSI) Azərbaycan bazarında əməkdaşlıq imkanlarını dəyərləndirir.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilib ki, bu məqsədlə İtaliya şirkətlərinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan - İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib.

Tədbir iki ölkə arasında strateji investisiya tərəfdaşlığının dərinləşdirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birbaşa işgüzar əlaqələrin qurulması və dayanıqlı iqtisadi əməkdaşlıq platformasının yaradılması məqsədi daşıyıb.

Tədbirdə bir sıra dövlət qurumlarının rəhbər nümayəndələri, eləcə də Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi və koordinasiyası ilə cəlb olunmuş özəl sektorun yüksək səviyyəli təmsilçiləri iştirak ediblər.

Tədbirin açılış mərasimində ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov, Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov və İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko çıxış ediblər.

Daha sonra AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və "FSI"-in baş icraçı direktoru Maurizio Tamagnini isə təqdimatla çıxış edərək iki ölkə arasında investisiya əməkdaşlığının prioritet istiqamətləri barədə ətraflı məlumat veriblər.

Çıxışlarda Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, prioritet sektorlar üzrə investisiya imkanları, əlverişli biznes mühiti və institusional əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.

Tədbir müddətində iştirakçılar arasında qarşılıqlı müzakirələr aparılıb, konkret sektorlar üzrə əməkdaşlıq imkanları dəyərləndirilib və ikitərəfli görüşlər təşkil olunub.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın