TURİZM HAQQINDA XƏBƏRLƏR
Türkiyəli mütəxəssislərlə aqroturizm üzrə təcrübə mübadiləsi aparılıb
25-28 noyabr 2025-ci il tarixlərində Dövlət Turizm Agentliyinin dəstəyi ilə aqroturizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyədən olan mütəxəssislərin Lənkərana tanışlıq səfəri təşkil edilib.

Türkiyə Respublikasının Kənd Təsərrüfatını və Kənd İnkişafını Dəstəkləmə Qurumu və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə baş tutan səfərdə Türkiyənin Trabzon və Rizə bölgələrininm aqroturizm təcrübələri haqqında məlumat verilib.
Səfər çərçivəsində türkiyəli ekspertlər regionun aqroturizm potensialı ilə tanış olaraq çayçılıq, fermer, bambuk, apiterapiya, balıqçılıq kimi təsərrüfatları və Hirkan Milli Parkını ziyarət ediblər. Səfər müddətində regionda fəaliyyət göstərən aqroturizm müəssisələrinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib və regionda mövcud olan təsərrüfatların potensialının araşdırılması və inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər cari ilin fevralın 6-da Bakıda keçirilən Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının IV iclası çərçivəsində qəbul edilmiş Fəaliyyət Planının nəzərdə tutulan “Aqroturizm Təcrübə Mübadiləsi və Sahə Səfəri Proqramı” üzrə fəaliyyətlərin icrası məqsədilə təşkil edilib.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı yerləşmə vasitələri ilə görüş keçirilib
Noyabrın 27-də növbəti ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13 Forumu) hazırlıq və koordinasiya işləri çərçivəsində yerləşmə vasitələri nümayəndələri ilə görüş keçirilib.

Görüşdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin idarəetmə heyəti və Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun nümayəndələri tərəfindən beynəlxalq forumun təşkilati məsələlərində ümumi yanaşma və standartlar, qonaqların yerləşdirilməsi, xidmət standartları və logistika məsələləri, eləcə də yerləşmə vasitələrinin tədbirə hazırlıq prosesinə vahid koordinasiya çərçivəsində cəlb olunmasının əhəmiyyəti qeyd edilib. Azərbaycanda yerləşmə vasitələrinin bu kimi beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsi vurğulanaraq mümkün əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Bakı, Sumqayıt və Abşeron üzrə 100-dən artıq yerləşmə vasitəsinin nümayəndələrinin iştirak etdiyi görüşdə tədbirə hazırlıqla bağlı müzakirələr aparılıb və müvafiq olaraq sənaye nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, 2026-cı ilin 17-22 may tarixlərində Bakıda təşkil olunacaq WUF13 Forumu sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirinin araşdırılması məqsədilə iki ildən bir keçirilən qlobal platformadır
Azərbaycan nümayəndə heyəti Özbəkistan Turizm Həftəsi çərçivəsində təşkil edilən sərgi və iclaslarda iştirak edib
Özbəkistan Turizm Həftəsi çərçivəsində 27-29 noyabr tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Tashkent International Tourism Fair” (TITF 2025) sərgisində ölkəmizin turizm imkanlarını nümayiş etdirilir.
Daşkənd şəhərində keçirilən “TİTF-2025” beynəlxalq turizm sərgisinin açılış mərasimində DTA sədrinin müşaviri Kənan Quluzadə çıxış edərək Azərbaycan və Özbəkistan arasında inkişaf etməkdə olan turizm əlaqələri, birgə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosu və Özbəkistan Milli PR Mərkəzi arasında keçirilən görüşdə mövcud tərəfdaşlıq çərçivəsində İpək Yolu irsinin tanıdılması istiqamətində birgə təşəbbüslərin davam etdirilməsi, regional əməkdaşlığın gücləndirilməsi və ortaq mədəni irsin təbliği məsələləri müzakirə olunub.
“Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla 12 yerli turizm şirkətinin iştirakı ilə sərgidə ölkəmizin tarixi-mədəni irsi, milli mətbəxi, şərabçılıq ənənələri, eləcə də sağlamlıq və qış turizmi üzrə mövcud imkanlar haqqında ziyarətçilərə məlumat verilir, beynəlxalq turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.
Həmçinin Dövlət Turizm Agentliyinin nümayəndə heyəti Özbəkistan Turizm Həftəsi çərçivəsində noyabrın 26-da İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə Məşvərət Komitəsinin ilk iclasında iştirak edib. DTA-nın Aparatının rəhbəri Kənan Əliyevin iştirakı ilə isə nümayəndə heyəti noyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının Turizm Forumunda təmsil olunub.
Qeyd edək ki, Azərbaycan bu il Azərbaycan “TITF 2025”in “Tərəfdaş Ölkəsi” seçilib. 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 50 971 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% artım deməkdir.


