Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Fərid Cəfərov: "Azərbaycan xarici prodüserlər üçün daha cəlbedici kinolokasiyaya çevrilib"

61

"Mədəniyyət Nazirliyinin yanında Azərbaycan Respublikasının Kino Agentliyi son üç ildə dövlət sifarişi ilə ümumilikdə 70-dən çox film layihəsinin istehsalına maliyyə dəstəyi göstərib".

Oxu.Az-ın Laçına ezam olunan əməkdaşının verdiyi məlumata görə, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov nazirliyin və Azərbaycan Prezidentinin Laçın şəhərindəki Xüsusi nümayəndəliyin təşkilatçılığı ilə keçirilən "MDB ölkələrində müasir kino istehsalının inkişafı" adlı dəyirmi masada çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycan kino sənayesinin və kinematoqrafiyanın inkişafını uzunmüddətli strateji prioritet kimi müəyyən edib:

"Bu layihələrin 50-dən çoxu artıq tamamlanıb və nümayişə çıxarılıb. Ümumilikdə isə 34 yerli istehsal şirkətinə 20 milyon manatdan çox dövlət dəstəyi ayrılıb. Bu dəstək Azərbaycanda kino sənayesinin gələcək inkişafına kapital qoyuluşudur".

Fərid Cəfərov dövlət başçısının sərəncamına əsasən tətbiq olunan və "rebate" (geri ödəmə) adlanan filmçəkmə xərclərinin qismən ödənilməsi mexanizminin kino sənayesinin inkişafına çox böyük təkan verdiyini vurğulayıb:

"Bu mexanizm ölkəmizdə film çəkilişi üçün əlverişli şərait yaradır və artıq Azərbaycanı xarici prodüserlər üçün daha cəlbedici kinolokasiyaya çevirib".

Nazir müavini Azərbaycanda Qazaxıstan, Tacikistan, Qırğızıstan və Rusiya kino günlərinin keçirildiyinə diqqət çəkərək bildirib ki, bu, ölkələr arasında mədəni mübadiləni gücləndirir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın