Uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoruyucu xarakter daşıyır - RƏY
Azərbaycanda 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət tətbiq edilməsi və 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı ilə bu platformalardan istifadə etməsinin nəzərdə tutulması da məhz bu qlobal çağırışlara verilən adekvat və uzaqgörən cavabdır.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, XXI əsrdə rəqəmsal texnologiyaların inkişafı dövlətlərin sosial, iqtisadi və mədəni həyatında əsas amillərdən birinə çevrilib:
"İnternet və sosial media platformaları informasiya əldə etmək, ünsiyyət qurmaq, təhsil almaq və ictimai proseslərdə iştirak etmək üçün geniş imkanlar yaratsa da, xüsusilə uşaqlar və yeniyetmələr üçün yeni risk və təhlükələr də formalaşdırıb. Bu səbəbdən son illərdə dünyanın bir çox ölkələrində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu təşəbbüs, ilk növbədə, uşaqların hüquq və mənafelərinin qorunmasına, onların sağlam psixoloji inkişafının təmin edilməsinə və rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir".

Deputat bildirib ki, tədqiqatlar sosial şəbəkələrdən nəzarətsiz istifadənin uşaqlar və yeniyetmələr arasında psixoloji asılılığın formalaşmasına, aqressiv davranışların artmasına, dezinformasiyanın təsirinə məruz qalmağa, şəxsi məlumatların təhlükəsizliyinin pozulmasına və kiberzorakılıq hallarının çoxalmasına səbəb ola biləcəyini göstərir:"Xüsusilə yaş xüsusiyyətləri nəzərə alınmadan müxtəlif məzmunlara çıxış imkanları azyaşlıların dünyagörüşünün və davranış modelinin formalaşmasına mənfi təsir göstərən amillərdən biridir. Bu baxımdan məsələyə "sosial şəbəkələrə qadağa" kontekstində yanaşmaq doğru olmazdı. Burada söhbət uşaqların informasiya məkanından təcrid edilməsindən deyil, onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasından və hüquqlarının daha etibarlı şəkildə müdafiəsindən gedir. Nəzərdə tutulan hüquqi mexanizmlərin əsas məqsədi sosial media platformalarında qeydiyyat zamanı yaşın yoxlanılması sisteminin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və azyaşlıların zərərli informasiyadan qorunmasıdır. Əslində, bu yanaşma Azərbaycan cəmiyyəti üçün yeni deyil. Bu gün heç kim azyaşlılara siqaret, alkoqollu içkilər və ya soyuq silahların satışına tətbiq olunan məhdudiyyətləri hüquq pozuntusu kimi qiymətləndirmir. Həmçinin pornoqrafik və digər zərərli məzmunlara çıxışın məhdudlaşdırılması da dünyanın əksər ölkələrində qəbul edilmiş hüquqi praktikadır".
S.Salmanova qeyd edib ki, dövlətin əsas vəzifələrindən biri uşaqları onların fiziki, mənəvi və psixoloji inkişafına mənfi təsir göstərə biləcək amillərdən qorumaqdır:
"Rəqəmsal mühit həyatımızın ayrılmaz hissəsinə çevrildiyi üçün həmin qoruyucu mexanizmlərin sosial media platformalarına da şamil olunması tamamilə məntiqi və zəruri addımdır. Azərbaycan bu istiqamətdə hüquqi bazanı sıfırdan formalaşdırmır. Hələ 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun uşaqların yaş xüsusiyyətlərinə uyğun informasiya əldə etmək hüququnu təmin etməklə yanaşı, onların zərərli məzmundan müdafiəsinin hüquqi əsaslarını da müəyyən etmişdi. Hazırda müvafiq qanuna edilmiş dəyişikliklər həmin dövlət siyasətinin rəqəmsal platformalar müstəvisində inkişaf etdirilməsi və müasir reallıqlara uyğunlaşdırılması kimi qiymətləndirilməlidir".
Milli Məclisin üzvü vurğulayıb ki, diqqətçəkən məqamlardan biri də Azərbaycanın bu sahədə beynəlxalq təcrübəni nəzərə almasıdır:
"Son illər dünyanın müxtəlif ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı qanunvericilik təşəbbüsləri əhəmiyyətli dərəcədə genişlənib. Avstraliya 16 yaşadək şəxslərin bəzi sosial media platformalarından istifadəsinə dair ciddi məhdudiyyətlər nəzərdə tutan qanun qəbul edib. Fransada 15 yaşadək şəxslərin sosial şəbəkələrdən istifadəsi üçün valideyn razılığı mexanizmi tətbiq edilir. Böyük Britaniyada uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması məqsədilə platformalar üçün xüsusi öhdəliklər müəyyənləşdirilib. ABŞ-nin bir sıra ştatlarında, Almaniyada, Kanadada, Norveçdə və digər ölkələrdə də analoji hüquqi mexanizmlər tətbiq edilir və ya hazırlanma mərhələsindədir. Maraqlıdır ki, region ölkələri də bu istiqamətdə fəal hüquqi tənzimləmə siyasəti həyata keçirməyə başlayıblar. Qazaxıstan və Özbəkistanda sosial media platformalarında uşaqların təhlükəsizliyinin təmin olunması məqsədilə yeni qanunvericilik təşəbbüsləri müzakirə edilir. Bu isə onu göstərir ki, söhbət ayrı-ayrı dövlətlərin təşəbbüsündən deyil, qlobal xarakter daşıyan və bütün ölkələrin qarşılaşdığı ümumi problemin həllindən gedir".
S.Salmanova bildirib ki, qanunun qəbulundan sonra 12 ay müddətində qüvvəyə minməsinin nəzərdə tutulması da düşünülmüş və sistemli yanaşmanın təzahürüdür:
"Bu müddət ərzində yaşın müəyyənləşdirilməsi mexanizmlərinin tətbiqi, texniki həllərin hazırlanması, platformalarla əməkdaşlıq mexanizmlərinin qurulması, həmçinin valideynlər və ictimaiyyət arasında maarifləndirmə işlərinin həyata keçirilməsi planlaşdırılır. Bu gün uşaqların rəqəmsal təhlükəsizliyi artıq yalnız ailənin məsuliyyəti deyil. Bu, dövlətin, cəmiyyətin, təhsil sisteminin və rəqəmsal platformaların birgə məsuliyyət daşıdığı strateji əhəmiyyətli məsələyə çevrilib".
Deputat vurğulayıb ki, Azərbaycanın bu istiqamətdə atdığı addım gələcək nəslin sağlam inkişafının təmin olunmasına, onların təhlükəsiz informasiya mühitində formalaşmasına və rəqəmsal dünyaya daha hazırlıqlı şəkildə inteqrasiyasına xidmət edir:
"Uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni hüquqi tənzimləmələr məhdudlaşdırıcı deyil, qoruyucu xarakter daşıyır. Bu təşəbbüs müasir dövrün reallıqlarına uyğun, beynəlxalq təcrübəyə əsaslanan və gələcək nəslin mənafelərini prioritet hesab edən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir".


