Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) 65 illiyi tamam olub
Vladimir Putin: OANA jurnalistikanın və medianın inkişafına mühüm töhfə verir

Moskvada Asiya və Sakit Okean Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) 65 illiyinə həsr olunmuş media forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı təbriki dövlət başçısının mətbuat katibi Dmitri Peskov oxuyub.
Vladimir Putinin təbrikində deyilir: “Təşkilat jurnalistikanın və medianın inkişafına mühüm töhfə verir, haqlı olaraq ən nüfuzlu və ən böyük regional media birliklərindən biri hesab olunur”. Rusiya Prezidenti Moskvada keçirilən görüşün keyfiyyətli, obyektiv və peşəkar jurnalistikanın dəyərlərinə əsaslanan işgüzar və şəxsi əlaqələrin möhkəmləndirilməsinə, media ictimaiyyətinin konsolidasiyasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Media forumun açılışında çıxış edən Dmitri Peskov qeyd edib ki, dünya informasiya agentlikləri bu gün həm texnoloji inkişafın yüksək tempi, həm də qlobal iqtisadiyyatda, siyasətdə və beynəlxalq münasibətlər sistemində baş verən transformasiya ilə bağlı görünməmiş çağırışlarla üzləşir.
Onun sözlərinə görə, bu proseslərin nəticələrindən biri informasiya müharibələrinin və informasiya əməliyyatlarının sayının artmasıdır. “İnformasiya agentliklərinin çox mühüm vəzifəsi, çox vacib işi var – hazırda dünya informasiya məkanında çox tez-tez yayılan yalanlara qarşı mübarizə aparmaq”, – deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.


