Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Son iki ildə Azərbaycanda 11 000-dən çox açıq ürək əməliyyatı həyata keçirilib

240

Son iki ildə Azərbaycanda 11 000-dən çox açıq ürək əməliyyatı həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Ramil Əliyev “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada deyib.

R.Əliyev bildirib ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti qurulduğu gündən 20 il ərzində ölkə səhiyyəsinə böyük töhfələr verib: “Cəmiyyət həm səhiyyə sistemində sertifikasiya və standartlaşdırma işlərinə, həm də bilik-praktik fəaliyyətlərin birləşdirilməsinə çalışıb”.

Onun sözlərinə görə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi açıq ürək əməliyyatlarının sayının xeyli artmasına səbəb olub: “2005-ci ildə ölkədə cəmi bir açıq ürək əməliyyatı həyata keçirilib. Lakin son iki il ərzində icbari tibbi sığortanın tətbiqi ilə bu rəqəm əhəmiyyətli dərəcədə artıb”.

***

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti Rəşad Məmmədəliyev əməliyyatdan sonra həyatındakı dəyişikliklər və gündəlik qayğıları barədə danışıb.

AZƏRTAC xəbər verir ki, o, əməliyyatdan əvvəl hərəkət etməkdə çətinlik çəkdiyini, nəfəs darlığı və yorğunluq yaşadığını bildirib.

“Amma indi çox yaxşıyam. Əməliyyatdan dörd ay keçib, rahat gəzə və hərəkət edə bilirəm”, – deyə Rəşad Məmmədəliyev bildirib.

Pasiyent gündəlik diqqət etdiyi məqamlar barədə də danışıb: “Dərmanlarımı qəbul edirəm. Bəzi dərmanlar ömürlükdür, bəziləri isə müəyyən müddət üçündür. Yeməyim normaldır, gündə üç dəfə qida qəbul edirəm. Hərəkətim əvvəlki kimi çətin deyil və qorxu yoxdur”.

R.Məmmədəliyev əməliyyatın müddətindən də söz açıb: “Əməliyyat 5-6 saat davam etdi. Başqasının ürəyini daşımaq hissi mənim üçün çox məsuliyyətlidir, amma normal insan kimi yaşayıram. Donorun ailəsinə və əməliyyatda iştirak edən hər kəsə təşəkkür edirəm”.

Rəşad Məmmədəliyev, həmçinin bildirib ki, başqasının ürəyinin daşımaq ona psixoloji təsir göstərmir və həyatına normal davam edə bilir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın