Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Qlobal bazarda enerji daşıyıcılarının bahalaşması Azərbaycan iqtisadiyyatı üçün müsbət amildir – Ekspertlərin rəyləri

66

Hörmüz boğazında vəziyyətin gərginləşməsi qlobal neft qiymətlərinin artımına təsir göstərən əsas amillərdəndir. Ən azı üç konteyner gəmisinə silahlı hücumlar barədə məlumatlar, gəmilərə tətbiq olunan məhdudiyyətlər, həmçinin ABŞ, İran və İsrail arasında atəşkəs rejimi ilə bağlı davam edən qeyri-müəyyənlik enerji bazarlarında gərginliyi artırıb.

AZƏRTAC xəbər verir ki, aprelin 21-də “ICE Futures” birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 3,14 faiz artaraq bir barel üçün 98,48 dollara çatıb. “NYMEX” birjasında “WTI” markalı neftin iyun fyuçersləri isə 2,57 faiz bahalaşaraq bir barel üçün 89,67 dollar olub. Aprelin 22-də Bakı vaxtı ilə saat 14:00-a olan məlumata görə “Brent” markalı neft 99,70 dollara, WTI isə 90,78 dollara yüksəlib.

Artım qaz bazarında da qeydə alınıb. ABŞ-də təbii qazın kotirovkaları bir milyon Britaniya istilik vahidi üçün 2,733 dollara yüksəlib, Avropada isə “TTF” habında may fyuçersləri min kubmetr üçün 536 dolları ötüb. İranla münaqişə başlamazdan əvvəl Hörmüz boğazı dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizini təmin edirdi. Buna görə də həmin bölgədə hər hansı gərginlik qlobal enerji bazarlarına dərhal təsir göstərir.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, “Brent” və Azərbaycanın “Azeri Light” markalı neftinin qiymətlərinin artması neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın gəlirlərinin yüksəlməsinə birbaşa təsir edir.

“Azərbaycan ixracatının təxminən 80 faizini enerji resursları təşkil edir. Bu baxımdan həm neftin, həm də mavi yanacağın qiymətlərinin artması ölkəyə daha çox valyuta daxil olması üçün şərait yaradır. Azərbaycanın 2026-cı il dövlət büdcəsində baza neft qiyməti bir barel üçün 65 dollar səviyyəsində nəzərdə tutulub. Halbuki mart ayının yekunlarına görə orta qiymət artıq təxminən 100 dollar olub. Bu, təbii olaraq büdcə daxilolmalarına müsbət təsir göstərir və dövlət ehtiyatlarının artmasına səbəb olur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, büdcə qiyməti illik əsasda hesablanır və dünya neft qiymətlərində gələcək dəyişikliklər də büdcə gəlirlərimizə birbaşa təsir edəcək. Lakin Azərbaycan üçün yalnız yüksək deyil, həm də sabit qiymətlər vacibdir. Sabit qiymətlər gəlir və xərcləri daha dəqiq hesablamağa, daha düzgün proqnozlaşdırma aparmağa imkan verir. Bu, həmçinin neft bazarında kəskin dalğalanmaların qarşısını almağa kömək edir. Bu baxımdan bizim üçün regionda sülh və əməkdaşlıq, eləcə də dünya bazarında sabit qiymətlər daha önəmlidir”, – deyə deputat əlavə edib.

İqtisadçı-ekspert, iqtisad elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova da enerji resursları ixrac edən ölkə kimi Azərbaycan iqtisadiyyatı üçün enerji daşıyıcılarının qiymətinin artmasını müsbət amil hesab edir.

“Hörmüz boğazında baş verən hadisələr səbəbindən neftin qiyməti artıb. Dünya bazarında enerji daşıyıcılarının bahalaşması Azərbaycan iqtisadiyyatı üçün müsbət amildir, çünki biz ixracatçı ölkəyik. Neft gəlirlərinin artması eyni zamanda xərclərin də artması deməkdir. Hər il dövlət büdcəsindən müxtəlif sahələrin inkişafına, bərpa və tikinti işlərinə əhəmiyyətli həcmdə vəsait ayrılır və gəlirlərin artması bu xərclərin genişləndirilməsinə imkan verir. Bəzən sosial şəbəkələrdə və mediada dezinformasiya yayılır. Məsələn, bildirilir ki, neftin qiyməti artıbsa, mütləq benzinin, dizel yanacağının və ya kommunal xidmətlərin qiyməti də artacaq. Bu, tamamilə yanlış fikirdir. Sadəcə, büdcəyə əlavə daxilolmalar hesabına vətəndaşlar üçün mümkün artım faizi daha aşağı ola bilər. Neftdən gələn gəlirlər Azərbaycana xaricdə layihələr həyata keçirməyə və investisiyalar yatırmağa imkan verir ki, bu da mümkün iqtisadi böhranlar və ya neft qiymətlərinin kəskin azalacağı halda xüsusilə vacibdir. Bu, ölkə iqtisadiyyatının qorunmasına və manatın sabitliyinin saxlanmasına yönəlib. Milli valyutaya gəldikdə, valyuta ehtiyatlarımız kifayət qədər yüksəkdir və hazırda devalvasiya riski yoxdur. Bu məsələ yalnız neft qiymətlərinin kəskin azalacağı halda müzakirə mövzusu ola bilər”, – deyə o qeyd edib.

G.Hüseynova neft gəlirlərinin sosial sahəyə təsirini də ayrıca vurğulayıb. Xüsusilə yaşlı əhalinin sayının artdığı və sosial müdafiə sisteminə düşən yükün çoxaldığı bir şəraitdə bu məsələ daha böyük əhəmiyyət kəsb edir: “Neft qiymətlərinin artması sosial-iqtisadi xərclər üçün büdcədən daha çox vəsait ayrılmasına gətirib çıxaracaq. Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, dövlətin ali məqsədi insanın və vətəndaşın hüquq və azadlıqlarının, o cümlədən layiqli həyat səviyyəsinin təmin edilməsidir”.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın