Azərbaycanda dövlətə məxsus daşınmaz əmlakların 70%-i icarəyə verilməyib
Bu il iyulun 1-nə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında ümumi sahəsi 4 milyon 383.1 min kvadratmetr olan 10 005 ədəd qeyri-yaşayış təyinatlı bina və bina hissələri mövcud olub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, bunun da, yalnız ümumi sahəsi 465.1 min kv.metr (10.6%-i) olan 2 962-si (29.6%) icarəyə verilib, icarə haqları isə müvafiq olaraq həmin sahələr üzrə hesablanıb. Başqa sözlə, Azərbaycanda dövlətə məxsus daşınmaz əmlakların təxminən 70%-i icarəyə verilməyib.
Palata bəyan edib ki, Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar artsa da, bu sahədə hələ də istifadə olunmamış imkanlar mövcuddur. Dövlət əmlakının icarəsindən əldə olunan gəlirlərin 2026-cı ildə 40 milyon manat olacağı proqnozlaşdırılır. Bu göstərici 2024-cü ilin icra nəticəsini 2.4 milyon manat və yaxud 6.4%, cari ilin proqnozunu isə 6 milyon manat və yaxud 17.6% üstələyir.
Bu ilin 8 ayında bu mənbədən daxilolmalar eyni dövr üzrə proqnozu 7.1 milyon manat və yaxud 30.6% üstələyərək 30.3 milyon manat təşkil edib. Artıqlaması ilə icranın əsas səbəbi özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən gələn 7 milyon manat və yaxud 38.2%, həmçinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda daşınmaz əmlakın icarəsindən toplanan 0.2 milyon manat və yaxud 4.3% əlavə vəsait olub.
Hesablama Palatası qeyd edib ki, əmlakın səmərəli idarə olunması, icarə mexanizmlərinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və müqavilələrin bazar tələblərinə uyğunlaşdırılması nəticəsində dövlət üçün əlavə gəlir potensialının reallaşdırılması mümkündür.


