Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan Din Xadimlərinin İkinci Forumunun açılış mərasimi olub

64

Dekabrın 24-də Bakıda Azərbaycan Din Xadimlərinin İkinci Forumunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən forum “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusuna həsr olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Forumda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Vətənimiz tarixən müxtəlif sivilizasiyaların qovuşduğu, fərqli etnosların və dinlərin bir ailə kimi, qarşılıqlı hörmət və sevgi şəraitində yaşadığı nadir mənəviyyat mərkəzlərindən biri olub. Bu coğrafiyada tolerantlıq hər bir azərbaycanlının mənəvi dünyasına həkk olunmuş həyat tərzidir. Qədim Qafqaz Albaniyasından bizə miras qalan məbədlər, İslamın gəlişi ilə mənəvi dünyamızın formalaşmasına güclü təsir göstərən əzəmətli minarələr, sinaqoqlar və kilsələr vahid, bölünməz və zəngin mənəvi irsimizin əsas dayaqlarıdır. O bildirib ki, Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadi nailiyyətlərlə deyil, eyni zamanda, sarsılmaz mənəvi dayaqlara, inanc və vicdan azadlığına hörmət və sadiqlik prinsiplərinə söykənən zəngin dəyərlər sistemi ilə səciyyələnir.

Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş qeyd edib ki, tarix boyu bəşəriyyət daim sülh və etimad axtarışında olub: “Bu səbəbdən Uca Allah, ilk insandan başlayaraq bu axtarışa rəhbərlik edəcək elçilər göndərib. İnsanın həm özü ilə, həm də ətrafındakı bütün varlıqlarla münasibətlərinin bu nizam çərçivəsində qorunması tövsiyə edilib. Yer üzündə sülh və etimad mühitinin bərqərar olması isə yalnız əsas hüquq və azadlıqların təmin edilməsi ilə mümkündür”. Onun sözlərinə görə, İslam dini bütün insanların fitrətdən gələn hüquq və azadlıqlarını - din, dil, irq və cinsiyyət fərqi qoymadan toxunulmaz qəbul edib. Bu hüquqlara yönələn ədalətsiz müdaxilələrə qarşı isə dini, hüquqi və mənəvi çərçivədə qəti prinsiplər müəyyən edib.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva qeyd edib ki, multikulturalizm və tolerantlıq azərbaycanlıların tarixən formalaşmış həyat tərzi olmaqla, bu gün milli kimliyindən, dilindən və dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. O vurğulayıb ki, Azərbaycan tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müsbət təcrübələri təbliğ etməklə yanaşı, dini konfessiyaların nümayəndələrinin bir araya gəlməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. S.Əliyeva diqqətə çatdırıb ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan Konstitusiyasının insan hüquq və azadlıqlarının ali təminatçısı kimi rolunu bir daha ön plana çıxarıb. Onun sözlərinə görə, Konstitusiyada dünyəvi dövlət prinsipləri, vicdan azadlığı, dini etiqadların qanun qarşısında bərabərliyi və ayrı-seçkiliyin yolverilməzliyi aydın şəkildə təsbit olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşadığı unikal məkan olub. O bildirib ki, bu forum müəyyən olunmuş mövzu üzrə müzakirə platforması olmaqla yanaşı, Azərbaycan cəmiyyətinin mənəvi dayaqlarını, ailə dəyərlərini və insan amilini qorumağa yönəlmiş ortaq məsuliyyətimizin ifadəsidir. “Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin mərkəzində məhz güclü ailə, sağlam mənəviyyat və sosial ədalət dayanır. Azərbaycan Respublikası artıq 30 illiyini qeyd etdiyimiz Konstitusiyamızda da əksini tapdığı kimi dünyəvi dövlətdir. Lakin bu dünyəvilik milli-mənəvi dəyərlərdən uzaqlaşma demək deyil, əksinə, din və dövlət münasibətlərinin balanslı, konstitusion əsaslar üzərində qurulması cəmiyyətimizin sabitliyini, multikultural harmoniyasını və insan ləyaqətinə hörmətini təmin edir”, - deyə Dövlət Komitəsinin sədri qeyd edib.

Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov nəzərə çatdırıb ki, ölkəsində Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə və ardıcıl inkişafa yönəlmiş genişmiqyaslı islahatlar böyük diqqət və maraqla izlənilir. Müstəqilliyin ilk illərindən etibarən Qazaxıstan Azərbaycanla həqiqi dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafına əhəmiyyət verib. Bugünkü tədbirin xüsusi əhəmiyyət daşıdığını qeyd edən Yernur Aitkenov bunun əməkdaşlıq üçün yeni üfüqlər açdığını və dinlərarası razılaşmanın təmin edilməsi sahəsində beynəlxalq təcrübənin zənginləşdirilməsinə töhfə verdiyini bildirib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Hacı Salman deyib ki, əgər biz Azərbaycandakı tolerantlıq ənənələrini qorumaq istəyiriksə, yad təriqətlərin təsirinə qarşı güclərimizi birləşdirməliyik. Bu təriqətlər bizi öz dini dəyərlərimizə yadlaşdırır. Onun sözlərinə görə, bu gün yad təriqətlər fərqli formalarda və yeni fikirlər altında gəlsələr də, məqsədləri dəyişmir. Buna görə də cəmiyyət olaraq birgə fəaliyyət göstərməyimiz çox önəmlidir.

Qeyd edək ki, Forumun əsas məqsədi dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsidir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın