Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Antalyada “Dəyişən dünyada regional sahiblənmənin rolu” barədə danışılıb

35

Aprelin 17-də Antalya Diplomatiya Forumu çərçivəsində “Dəyişən dünyada regional sahiblənmənin rolu” mövzusunda panel iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Konqo Demokratik Respublikasının Prezidenti Felix Antoine Tshisekedi Tshilombo, Afrika İttifaqının dövrü sədri və Burundi Prezidenti Evariste Ndayişimiye, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və El Salvador Respublikasının Vitse-prezidenti Felix Ulloa Jr. Duro Macutun mövzu ilə bağlı fikirləri dinlənilib.

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz ölkələrinin münaqişələrdən çox diplomatiyaya üstünlük verdiyini, eyni zamanda, qeyri-sabitlik və qeyri-təhlükəsizlik əvəzinə, sabitliyi dəstəklədiklərini bildirib. "Məhz buna görə də biz bir çox regional əməkdaşlıq mexanizmlərində iştirak edirik. Bir tərəfdən NATO üzvüyük və Avropa İttifaqına namizəd ölkəyik. Digər tərəfdən isə Türk Dövlətləri Təşkilatı kimi yeni regional təşkilatlara, İslam ölkələri arasında əməkdaşlığın genişlənməsinə və regionumuzda daha güclü təhlükəsizlik strukturlarının qurulmasına çalışırıq", - deyə Vitse-prezident əlavə edib.

O bildirib ki, Türkiyə hər zaman dialoqu və diplomatiyanı münaqişədən üstün tutub. Müharibələr heç bir tərəf üçün faydalı deyil, ədalətli sülh isə hamı üçün xeyirlidir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin bu gün qlobal enerji təhlükəsizliyinə xidmət etməklə yanaşı, region ölkələrinin də maraqlarını təmin etdiyini vurğulayıb.

Ermənistan–Azərbaycan münaqişəsinin həllinin regional baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayan Prezidentin köməkçisi bildirib ki, ölkəmiz bu prosesdə liderlik nümayiş etdirib və münaqişə artıq keçmişdə qalıb. Azərbaycan siyasi, hərbi və hərbi-siyasi vasitələrlə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

H.Hacıyev regional sahiblənmənin Azərbaycan üçün fundamental prinsipləri və əsas sütunlarının regional çağırışları, problemləri özümüzün, eyni fikirdə olduğumuz bölgədəki tərəfdaşlarımızla birlikdə həll etmək olduğunu diqqətə çatdırıb.

Türkiyə–Azərbaycan ikitərəfli əməkdaşlığının regional sülh və təhlükəsizliyin mühüm sütunlarından biri olduğunu qeyd edən Prezidentin köməkçisi deyib: “Türkiyə-Azərbaycan əməkdaşlığı liderlərimiz tərəfindən imzalanan “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə yüksəldi. Biz bununla kifayətlənmədik. İkitərəfli əməkdaşlığı üçtərəfli modelə çevirdik və bununla da tam regional sahiblənməni həyata keçirdik. Burada Türkiyə–Azərbaycan–Gürcüstan əməkdaşlığı, Türkiyə–Azərbaycan–İran əməkdaşlığı mövcuddur və biz, həmçinin Mərkəzi Asiyadakı qardaşlarımıza da əl uzatmışıq. Üçtərəfli və ya çoxtərəfli formatlarda praktik əməkdaşlıq mexanizmi qurmuşuq və bu, bütün tərəflərin maraqlarına xidmət edir”.

Digər çıxışçılar qlobal idarəetmə strukturunun getdikcə daha çox qütbləşdiyi və parçalandığı bir dövrdə qeyri-müəyyənliklərin idarə olunmasının innovativ və gələcəyə yönələn yanaşmaları zəruri olduğunu bildiriblər. Bu kontekstdə regional sahibliyin ortaq çağırışların həllində əsas hərəkətverici qüvvələrdən biri kimi getdikcə daha çox əhəmiyyət qazandığı vurğulanıb.

Bildirilib ki, münaqişələrin idarə olunmasından iqtisadi əlaqəliliyin gücləndirilməsinə qədər geniş bir sahədə regional platformalar, qlobal mexanizmlərin yetərsiz qaldığı hallarda daha praktik və kontekstə uyğun həllər təqdim edə bilir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın