Fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq
Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin 2026-cı il yanvarın 1-də başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq.
Oxu.Az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2500 manata qədər olanlar 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% vergi ödəyəcəklər.
Aylıq gəliri 2500 manatdan 8000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2500 manatdan 8000 manata qədər hissənin 10%-i qədər, 2027-ci ildə 125 manat + 2500 manatdan 8000 manata qədər hissənin 10%-i qədər, 2028-ci ildən isə 175 manat + 2500 manatdan 8000 manata qədər hissənin 10%-i qədər olacaq.
Aylıq gəliri 8000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8000 manatdan artıq hissənin 14%-i qədər, 2027-ci ildə 675 manat + 8000 manatdan artıq hissənin 14%-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər olacaq.
Qeyd edək ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlir 8000 manatadək olduqca 0 faiz, 8000 manatdan çox olduqda 14 faiz olmaqla tutulub.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


