Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bakıda Özbəkistanın Mədəniyyət Günləri davam edir

112

Bakıda Özbəkistanın Mədəniyyət Günləri davam edir. Bu incəsənət bayramı xalqlarımızın yaxınlığını və ortaq mədəni əlaqələrin zənginliyini bir daha nümayiş etdirir. Proqram çərçivəsində növbəti tədbir Heydər Əliyev Sarayında keçirilən “Navruz” Özbəkistan Milli Rəqs Ansamblının konserti olub.

AZƏRTAC xəbər verir ki, tamaşaçılara Özbəkistanın tanınmış incəsənət xadimlərinin, Özbəkistan Dövlət Simfonik Orkestrinin və “Navruz” ansamblının iştirakı ilə zəngin konsert proqramı təqdim edilib.

Simfonik orkestrin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, həmçinin “İskəndərnamə” əsərlərindən ilhamlanan musiqili-xoreoqrafik kompozisiyalar səsləndirilib.

Konsertin ikinci hissəsində ifaçılar Özbəkistanın müxtəlif bölgələrinin koloritini əks etdirən milli rəqslər və mahnılar vasitəsilə ölkənin zəngin ənənələrini nümayiş etdiriblər.

Gecə çərçivəsində Özbəkistanın Əməkdar artisti, özbək müğənnisi Mohiçehra Şomurodova da çıxış edib. Onun ifasında “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı səsləndirilib. Bundan əlavə, səhnədə Özbəkistanın Əməkdar artistləri Tulkin Jabborov və Yulduz Turdiyeva çıxış ediblər. Y.Turdiyeva özbək kompozisiyaları ilə yanaşı, Azərbaycan mahnısı olan “Qarabağ”ı da ifa edib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın