Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bakı Forumunda qlobal böhranlar və çoxtərəfli əməkdaşlıq məsələləri gündəmdə olub

53

XIII Qlobal Bakı Forumu çərçivəsində “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə Birlik Təşkilatının (Commonwealth) sabiq Baş katibi, Böyük Britaniya Lordlar Palatasının üzvü Patrisiya Skotland moderatorluq edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çoxtərəfliliyin ölkələrin qlobal və dünya əhəmiyyətli qərarlarda iştirak etmək imkanı olduğu diqqətə çatdırıb. "Burada həm böyük dövlətlər, həm də orta və kiçik ölkələr öz sözünü deyə bilirlər. Arzu edirik ki, hər bir xalqın hüquqları tapdalanmadan, öz gələcəyində söz sahibi olmaq şansı olsun. Avropada bu sahədə bir çox nailiyyətlər əldə edilib. Biz də bu hədəf üçün çalışmalı və onu qətiyyətlə gözləməliyik", - deyə o bildirib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmiz üçün çoxtərəfliliyin böyük əhəmiyyətə malik olduğunu deyib. O, bunun yalnız müxtəlif qruplarda iştirakla məhdudlaşmadığını, həm də real fəaliyyətlərdə özünü göstərdiyini bildirib.

H.Hacıyev, eyni zamanda, qeyd edib ki, Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünəməxsus model ortaya qoyub. “Biz uzunmüddətli münaqişəni hərbi və siyasi vasitələrin kombinasiyası ilə həll etdik və bunun nəticəsində hazırda regionda faktiki sülh mövcuddur. Həm Ermənistan, həm də Azərbaycan gələcək sülh gündəliyinin necə gücləndiriləcəyi ilə bağlı parametrlər üzərində işləyir”, - deyə o əlavə edib.

Mərkəzi Asiya-Azərbaycan əməkdaşlığına diqqət çəkən Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü qəbul edilib. Bu da göstərir ki, biz ortaq baxışlara malik ölkələrik və “orta güc” konsepsiyasına inanırıq.

Slovakiyanın sabiq xarici işlər naziri Yan Kubişin sözlərinə görə, beynəlxalq ictimaiyyətin əksəriyyəti qaydalara, normalara və öhdəliklərə əsaslanan beynəlxalq nizam-intizamı qəbul edib. Yalnız bir neçə böyük güclər qəsdən qaydalara əsaslanan beynəlxalq nizamı pozur. Ona görə də biz bu psixoloji təzyiqin tələsinə düşməməliyik. O, beynəlxalq strukturlarla, institutlarla işləməyin önəmini vurğulayaraq, onlara daha çox legitimlik verilməsinin faydalı olacağına diqqət çəkib.

İndiki vəziyyətin çox çətin olduğunu vurğulayan Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç beynəlxalq münasibətlərdə gücün mühüm rol oynadığını qeyd edib. "Qaydaları lazımi şəkildə tətbiq etmirik. Coğrafi və əhali baxımından kiçik və böyük dövlətlərin üzərinə qaydalara riayət etmək düşür. Odur ki, bizə çoxtərəflilik və ona xidmət edən təsisatlar lazımdır", - deyə o bildirib.

Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernanda Espinosa öz növbəsində deyib: "Biz elə bir dövrdəyik ki, çoxtərəflilik ciddi çətinliklərlə üzləşsə də, ona olan zərurət daha da artır. Çoxtərəflilik bizim ümumi amallar naminə necə əməkdaşlıq etdiyimizin göstəricisidir. Hazırda bu sahədə yaşanan böhran birbaşa siyasi iradə və liderliklə bağlıdır. Bizə qərəzsiz mövqeyi ilə seçilən, qətiyyətli liderlər lazımdır. Qarşımızda iqlim dəyişikliyi və bərabərsizlik kimi mühüm vəzifələr dayanır. Əgər bu problemləri həll etməsək, görülən bütün digər işlər nəticəsiz qalacaq".

Dünyada uzunmüddətli münaqişələr və geosiyasi gərginliklər davam etdiyini diqqətə çatdıran Seneqalın sabiq Prezidenti Maki Sall iqtisadiyyatın zəiflədiyini, iqlim dəyişikliyi, səhiyyə, təhsil və texnoloji inkişafla bağlı qlobal çağırışların getdikcə daha mürəkkəb xarakter aldığını söyləyib.

Avstriya Respublikasının sabiq xarici işlər naziri Benita Ferrero-Valdner Avropa İttifaqı və bir çox digər təşkilatlarda qərar qəbulunun vaxt apardığını qeyd edərək deyib: “Qruplar tərəfindən qoyulan məhdudiyyətlər aradan qaldırılmalı, dövlət-özəl tərəfdaşlığına və qeyri-dövlət aktorlarının iştirakına xüsusi diqqət yetirilməlidir”.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın