İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb
Oktyabrın 7-də Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksəkvəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edirlər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Çıxış edən general-polkovnik Əli Nağıyev bildirib ki, 2026-cı il oktyabrın 1-nə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında hərbi təcavüz nəticəsində itkin düşmüş 4010 nəfər qeydiyyatdadır. Onlardan 4004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkinlərin 3228 nəfəri hərbçi, 782 nəfəri mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var: “Həmin rəqəmlər faciənin miqyasını göstərir. Bizim vəzifəmiz isə hər bir insanın taleyinə aydınlıq gətirməkdir”.
Xidmət rəisinin sözlərinə görə, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası axtarışlar üçün yeni imkanlar yaradıb. Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə məzarların yerlərinin müəyyənləşdirilməsi, qazıntı, ekshumasiya və qalıqların eyniləşdirilməsi işlərini genişləndirib. İtkinlərin yaxın qohumlarından, ümumilikdə 11 min 566 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. Həmin məlumatlar şəxsiyyətin elmi əsaslarla müəyyənləşdirilməsi üçün mühüm bazadır.
"2026-cı il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Azad edilmiş ərazilərdə aşkar olunan 32 kütləvi məzarlıqdan 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya olunub. İnsan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud pozuntularıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir. Məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 273 nəfərin qalıqları ailələrinə təhvil verilərək milli və dini ənənələrə uyğun dəfn edilib. Dəfn olunanların 225 nəfəri hərbçi, 48 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlıdır. Həmin nəticələr Prezident İlham Əliyevin xüsusi diqqəti, dövlət səviyyəsində aparılan sistemli iş və mütəxəssislərimizin əməyi sayəsində əldə edilib. Hər bir eyniləşdirmə bir ailənin illərlə cavabsız qalmış sualına cavabdır. Ailələrlə həssas ünsiyyət, onların müntəzəm məlumatlandırılması və dəstəklənməsi də işimizin ayrılmaz hissəsidir", - deyə general-polkovnik Əli Nağıyev diqqətə çatdırıb.
Çıxışında Azərbaycanın iki müharibədən sonra 4 mindən çox vətəndaşının itkin düşdüyünü xatırladan xarici işlər nazirinin müavini Fariz Rzayev əlavə edib: “Minlərlə ailə üçün qeyri-müəyyənlik illər, hətta onilliklərdir davam edir. Azərbaycanın əraziləri işğaldan azad olunduqdan sonra insan qalıqlarının aşkarlandığı bir sıra kütləvi məzarlıqlar müəyyən edilib. Qalıqlar ekspertizadan keçirilib, şəxslərin kimliyi müəyyənləşdirilib və onlar layiqli şəkildə dəfn olunublar. Bu nəticələr aidiyyəti ailələr üçün böyük əhəmiyyət daşıyır. Bununla belə, itkin düşmüş şəxslərin böyük əksəriyyətinin taleyi hələ də məlum deyil. Minalar və müharibənin partlayıcı qalıqları ərazilərdə aparılan işləri hələ də təhlükəli edir. Beynəlxalq humanitar hüquq bu istiqamətdə səylərimiz üçün hüquqi əsas yaradır. Silahlı münaqişə tərəfləri itkin düşdüyü bildirilən şəxslərin qeydiyyata alınması, müvafiq məlumatların toplanması və paylaşılması, həlak olanların axtarılması, eləcə də insan qalıqlarına hörmətlə yanaşılması üçün mümkün tədbirləri görməlidirlər. Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ xoşməramlılıq çərçivəsində göstərilən könüllü bir jest deyil. Araşdırma aparmaq və cavablar təqdim etmək öhdəliyi hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da qüvvədə qalır. Etimad məlumatdan başlayır”.
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberqer dünyada itkin düşmüş şəxslərin sayının artdığını qeyd edib. “Norveç Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, hazırda 1946-cı ildən bəri ən çox münaqişənin yaşandığı dövrdəyik. Bundan əlavə, qlobal istiləşmə nəticəsində də insanların itkin düşməsi halları artır. Beləliklə, məsələ texnoloji imkanlarla bağlı deyil. Əsas sual hökumətlərin texnologiyaya çıxış əldə etmək və ondan səmərəli istifadə etmək üçün zəruri siyasi iradəyə, institutlara, qanunlara, ekspertlərə, məlumat sistemlərinə və əməkdaşlıq mexanizmlərinə malik olub-olmamasıdır. Çünki itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ailələrə və cəmiyyətə etibarlı və dəqiq məlumat təqdim etmək deməkdir. Lakin bu, həm də ədalət, məsuliyyət, həqiqət və kompensasiya hüquqlarının bərpası deməkdir. Bu, eyni zamanda, hüququn aliliyinin möhkəmləndirilməsi və zəruri hallarda məsuliyyətin təmin olunmasına töhfə verməkdir. Nəhayət bu, sülh və təhlükəsizliyə yatırılan sərmayədir", - deyə Katrin Bomberqer vurğulayıb.
Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Beynəlxalq Humanitar Hüquq İnstitutunun baş katibi Gian Luka Beruto, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Qraham Stüart Breydi, Moldovanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq sədri Mladen İvaniç, Küveytin xarici işlər nazirinin köməkçisi Saad Al-Adsani çıxış edərək bildiriblər ki, itkin şəxslər məsələsi ayrı-ayrı ölkələrin sərhədlərini aşaraq müxtəlif münaqişə və humanitar böhranlarla üzləşən cəmiyyətlərə təsir göstərən qlobal humanitar problemə çevrilib. Hər bir itkin şəxsin arxasında illərlə cavab gözləyən ailə dayanır. Bu səbəbdən problemin həlli yalnız texniki və hüquqi məsələ deyil, həm də ailələrin uzunmüddətli intizarına son qoymağa yönəlmiş humanitar öhdəlikdir. Çıxışlarda beynəlxalq humanitar hüquq, aidiyyəti beynəlxalq təşkilatlar, humanitar mexanizmlər və vətəndaş cəmiyyəti təşəbbüslərinin mövcud olmasına baxmayaraq, itkin şəxslərin sayının artmaqda davam etdiyi diqqətə çatdırılıb. Bunun beynəlxalq humanitar hüquqa hörmətin gücləndirilməsinin və mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsinin vacibliyini göstərdiyi vurğulanıb. Qeyd olunub ki, itkin şəxslərin tapılması prosesinin uğurlu nəticələnməsi üçün əsas amillərdən biri etimaddır. Ailələr arasında, aidiyyəti qurumlara və siyasi mühitə etimad bu istiqamətdə aparılan işlərin səmərəliliyində mühüm rol oynayır.
Bildirilib ki, Bakı Dialoqu kimi təşəbbüslər hüquqi çərçivələrin praktiki təcrübə ilə birlikdə nəzərdən keçirilməsinə, milli və beynəlxalq yanaşmaların əlaqələndirilməsinə, eləcə də itkin şəxslərin axtarışı istiqamətində əməkdaşlığın gücləndirilməsinə imkan yaradır.
Daha sonra dünyaşöhrətli fotojurnalist Reza Deqatinin müxtəlif vaxtlarda müharibə və münaqişə zonalarında lentə aldığı fotoşəkillərdən ibarət təqdimat nümayiş olunub.
Ardınca plenar sessiya və yan tədbir keçirilib.
Konfrans oktyabrın 8-də panel sessiyalarla və yan tədbirlə işini davam etdirəcək.


