İranın Naxçıvana etdiyi dron hücumları ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına hesabat təqdim edilib
İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasının “Naxçıvan” Beynəlxalq Hava Limanına, onun terminal binasına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirildiyi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına hesabat təqdim edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, o cümlədən Konvensiyaya 17 nömrəli Əlavə – “Aviasiya təhlükəsizliyi” sənədinin beynəlxalq standartlarına uyğun olaraq, hava limanına qanunsuz müdaxilə aktı baş verdikdə üzv dövlət tərəfindən hazırlanmış ilkin hesabat Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) göndərilməlidir.
Beynəlxalq standartlardan irəli gələrək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsi “ICAO”ya müvafiq ilkin hesabat göndərib.


