Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Praqada Müslüm Maqomayevin sevgi və xatirəsinə həsr olunmuş poeziya və musiqi gecəsi

89

Praqanın “Lapidarium” qalereyasında poeziya ilə klassik musiqini birləşdirən “Sevginin sinonimləri – sonetlər” adlı kamera musiqisi və poeziya gecəsi keçirilib. Proqramın əsas mərkəzi hadisələrindən biri görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayevə həsr olunmuş sonet poemasının səsləndirilməsi olub.

AZƏRTAC xəbər verir ki, tədbir Praqanın tarixi mərkəzində, barokko üslublu heykəltəraşlıq nümunələrinin müasir rəssamların əsərləri ilə yanaşı nümayiş etdirildiyi qalereyada baş tutub. Gecədə şairlər Boris Qoldberq (ABŞ – Çexiya), Natalya Volkova (Çexiya) və Leyla Bəyim (Azərbaycan – Çexiya) iştirak ediblər.

Poetik çıxışlar beynəlxalq Antonin Dvorjak mükafatının və Qustav Maler adına Avropa mükafatının laureatı, skripka ifaçısı Aleksandr Şonertin ifası ilə müşayiət olunub. Onun musiqi əsərlərinə özünəməxsus yanaşması poetik sözlə instrumental musiqi arasında bədii dialoqun bir hissəsinə çevrilib.

Tanınmış jurnalist və yazıçı B.Qoldberq Frederik Şopen, Frans Şubert, Lüdviq van Bethoven və Volfqanq Amadey Motsarta həsr etdiyi sonetləri təqdim edib. Aktrisa və şairə N.Volkova isə yaradıcılıq prosesinin sirlərini və poetik əsərin yaranma mərhələlərini açan sonetlər çələngindən parçalar oxuyub.

Proqramda Çexiyadakı “Natəvan Cəmiyyəti”nin direktoru və “Praqada Azərbaycan Mədəniyyət Evi” layihəsinin rəhbəri L.Bəyimin çıxışı xüsusi yer tutub. O, Müslüm Maqomayevə həsr olunmuş sonet poemasını təqdim edib.

Əsər daha əvvəl müğənninin 75 illik yubileyi münasibətilə Düsseldorf və Bakıda keçirilən tədbirlərdə səsləndirilib. Şairə Bakıda Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskayanın dəvəti ilə çıxış edib.

Gecənin kulminasiya nöqtəsi A.Şonertin ifasında məşhur “Melodiya” əsərinin səsləndirilməsi olub. Fortepiano partiyasını Natalya Şonert ifa edib.

Musiqi ithafı poeziyanı, skripka sənətini və görkəmli ifaçının xatirəsini birləşdirən proqramı başa çatdırıb. Müslüm Maqomayevin yaradıcılığına müraciət sənətin əbədi mövzularından biri olan sevgiyə həsr edilmiş gecənin əsas məqamlarından birinə çevrilib.

Praqadakı qədim “Lapidarium” qalereyasının divarları arasında müğənninin adı gecənin əsas leytmotivinə çevrilən poetik obrazda yenidən səslənib: “Sevginin sinonimi – cingiltili Müslüm!”

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın