Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Britaniyanın dənizçilik şirkəti Azərbaycanda birgə müəssisə yaradıb

28

Böyük Britaniyanın “Interocean Group” şirkəti Bakıda fəaliyyət göstərən “Green Line Shipping” şirkəti ilə yeni birgə müəssisə yaradıb.

AZƏRTAC xəbər verir ki, birgə müəssisə “Interocean Group”a daxil olan “Interocean Energy Services FZCO” şirkəti ilə Bakıda fəaliyyət göstərən “Green Line Shipping LLC” arasında yaradılıb.

Bu əməkdaşlıq “Interocean Group”un Azərbaycanda və daha geniş Xəzər regionunda uzunmüddətli fəaliyyətini gücləndirməyə yönəlib.

Şirkətdən bildirilib ki, razılaşma “Interocean Group”un mühüm dənizçilik və dənizdə enerji bazarlarında genişlənməsi strategiyasının növbəti mərhələsidir. Bu əməkdaşlıq qrupa dənizçilik, dənizdə enerji, dəniz təminatı və inteqrasiya olunmuş aktiv həlləri sahələrində yeni imkanları araşdırmaq və həyata keçirmək üçün daha geniş imkanlar yaradacaq.

Tərəflərin fikrincə, əməkdaşlıq “Interocean Group”un beynəlxalq standartları və dənizdə əməliyyatlar sahəsində təcrübəsi ilə “Green Line Shipping”in yerli bazarı və regionu yaxşı bilməsi, habelə formalaşmış icra təcrübəsini bir araya gətirəcək. Bununla da mövcud və gələcək müştərilərlə iş üçün regionda daha güclü platformanın yaradılması hədəflənir.

Xəzər regionundakı yeni təşəbbüs “Interocean Group”un Kommersiya Direktoru (CCO) Aleks Klark tərəfindən idarə olunur.

Tərəflər qarşılıqlı strateji əhəmiyyət daşıyan və müştərinin maraqlarına cavab verən imkanları birgə qiymətləndirəcək. Layihələrin icra modeli və idarəetmə mexanizmləri isə hər bir imkan üzrə ayrıca razılaşdırılacaq.

Qeyd edək ki, tərəfdaşlıq strateji, qeyri-səhm əsaslı əməkdaşlıq və birgə müəssisə çərçivəsidir. Bu, şirkətlərin birləşməsi və ya hər hansı biznesin alınması demək deyil. 2007-ci ildə yaradılan “Interocean Group” beynəlxalq təcrübə, texniki imkanlar, korporativ idarəetmə, layihələrin icrası sistemləri və inteqrasiya olunmuş aktiv həlləri sahəsində ekspertizasını təqdim edir. Şirkət 17 ölkədə fəaliyyət göstərir.

Bakıda fəaliyyət göstərən “Green Line Shipping” isə dənizçilik xidmətləri və dənizdə mühəndislik sahəsində ixtisaslaşıb. Şirkət yerli bazar bilikləri, əməliyyat dəstəyi, maraqlı tərəflərlə əlaqələr, logistikanın əlaqələndirilməsi və regional müştərilərlə iş imkanlarını təmin edir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın