Pensiyalar indeksləşdiriləcək, vergi artırılacaq: 2027-ci il Azərbaycan büdcəsinin əsas məqamları
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələrinə başlanılıb. Onun əsas xüsusiyyəti neft fondundan transfertlərin azaldılması ilə yanaşı, gəlir və xərclərin mülayim artımının təmin edilməsidir. Beləliklə, iqtisadiyyatın davam edən struktur yenidənqurması şəraitində dövlət sosial öhdəliklərin, təhlükəsizlik ilə bağlı maddələrin və azad edilmiş ərazilərin bərpasının maliyyələşdirilməsini qoruyub saxlayaraq, qeyri-neft sektorundan daha çox vəsait əldə etməyi hədəfləyir.
Gələn ilin büdcəsində gəlirlər 39,254 milyard manat, xərclər isə 42,4 milyard manat məbləğində nəzərdə tutulub. Hər iki göstərici 2026-cı il üçün təsdiq olunmuş rəqəmlərdən təxminən 1,7% yüksəkdir. Eyni zamanda, kəsir təqribən 3,15 milyard manat təşkil edəcək və əhəmiyyətli dərəcədə dəyişməz qalacaq. Lakin bu hal özlüyündə narahatlıq doğurmur, çünki büdcənin kəsirlə planlaşdırılması geniş yayılmış beynəlxalq təcrübədir. Daha vacib olanı onun həcminin iqtisadiyyatın imkanlarına nə dərəcədə uyğun gəlməsi və hansı mənbələr hesabına örtülməsidir.
Məsələ bundadır ki, büdcə hesablamalarının əsasında neftin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Əgər faktiki qiymət bundan yüksək olarsa, bu, əlavə neft gəlirləri təmin edəcək. Aşağı olarsa, daxilolmalar azalacaq, baxmayaraq ki, toplanmış ehtiyatlar xərclərin maliyyələşdirilməsinə təsirləri yumşaltmağa imkan verəcək. Buna görə də neft konyunkturası əvvəlki kimi böyük əhəmiyyət daşıyır. Eyni zamanda, qorunub saxlanılan geosiyasi qeyri-müəyyənlik son illərdə neft hasilatının azalması fonunda belə yüksək neft qiymətlərini və müvafiq olaraq əhəmiyyətli daxilolmaları dəstəkləyə bilər.
Büdcənin gəlir hissəsində əsas dəyişiklik Dövlət Neft Fondundan transfertin 12,835 milyard manatdan 11,9 milyard manatadək azaldılmasıdır. Eyni zamanda, qeyri-neft-qaz daxilolmalarının payı 57,4%-dən 60,6%-dək artmalıdır. Bu, müsbət tendensiyadır, çünki büdcə neft yığınqlarının birbaşa istifadəsindən daha az asılı hala gəlir. Hərçənd, tam səmimi desək, qeyri-neft yığımlarının artımını tamamilə istehsalın artımı ilə izah etmək olmaz. Buna qiymətlər, yığılıcılıq səviyyəsi və vergi dəyişiklikləri də təsir göstərir. Xüsusilə, özəl qeyri-neft sektorunda aylıq gəliri 2500 manatadək olan işçilər üçün gəlir vergisinin dərəcəsinin 3%-dən 5%-dək artırılması nəzərdə tutulub. Nəticədə, əlavə daxilolmaların bir hissəsi vergi yükünün artması hesabına təmin olunacaq.
Bununla yanaşı, büdcə xərcləri 1,7% artır, proqnozlaşdırılan inflyasiya isə 5,3% təşkil edir ki, bu da vəsaitlərin rasional istifadəsinin əhəmiyyətini artırır. Büdcənin ümumi həcminin mülayim artımı əhalinin gəlirlərinin artmasını istisna etmir. 2027-ci il üçün əmək haqqlarının və sosial ödənişlərin artırılmasına yönəlmiş növbəti sosial islahatlar paketinin maliyyə təminatı nəzərdə tutulub, həmçinin əmək pensiyalarının indeksləşdirilməsi gözlənilir. Bu tədbirlər qiymət artımının təsirini yumşaltmalı və əhalinin alıcılıq qabiliyyətini dəstəkləməlidir. Eyni zamanda, əmək haqqı və sosial ödənişlərin artımının əhalinin gəlirlərinin real artımını təmin etməsi və inflyasiyanın sürətlənməsinin əlavə amilinə çevrilməməsi vacibdir. Məhz buna görə də tələbatın artımının mal və xidmətlərin istehsalı və təklifinin genişlənməsi ilə müşayiət olunmasını təmin etmək çox vacibdir.
Diqqəti cəlb edir ki, iqtisadi fəaliyyət xərcləri 13,4% artaraq təxminən 8,91 milyard manata, kənd təsərrüfatı xərcləri isə 12,5% artaraq 1,38 milyard manata çatır. Bu, bütövlükdə qeyri-neft iqtisadiyyatının inkişafı və istehsalın genişləndirilməsinə, emalın inkişafına, su təchizatı və suvarmanın yaxşılaşdırılmasına, həmçinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə yönəlmiş bir sıra sahə proqramlarının həyata keçirilməsi vəzifəsi ilə uzlaşır. Eyni zamanda, yerli məhsul təklifinin artmasının idxaldan asılılığın azalmasına və daxili bazarda qiymət artımının məhdudlaşdırılmasına kömək edəcəyi ehtimal olunur.
Sosial yönümlü xərclər təqribən 18,7 milyard manat təşkil edəcək və 9,2% artacaq. Eyni zamanda, əlavə vəsaitlər konkret tapşırıqlar nəzərə alınmaqla, o cümlədən əmək haqqı və sosial ödənişlərin artırılması nəzərə alınmaqla bölüşdürülür. Ona görə də ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirmənin artım həcmləri fərqli olacaq.
Müdafiə və milli təhlükəsizliyə təxminən 8,82 milyard manat nəzərdə tutulub ki, bu da 2026-cı ilin büdcəsi ilə müqayisədə 1,1% çoxdur. Bu xərclərin yüksək səviyyədə saxlanılması Prezident İlham Əliyevin ölkənin müdafiə qabiliyyətini daim gücləndirmək zərurəti ilə bağlı mövqeyinə uyğundur. O, Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxış edərkən müharibələrin səngimədiyini və yeni münaqişə ocaqlarının yarandığını qeyd edərək vurğulamışdır: "Ona görə də biz hər gün hər hansı bir hərbi təxribata cavab verməyə hazır olmalıyıq".
Beləliklə, müdafiənin maliyyələşdirilməsi xarici risklər və sürətlə dəyişən beynəlxalq vəziyyət fonunda təhlükəsizliyin qorunub saxlanılmasının zəruri şərti kimi qiymətləndirilir.
Böyük Qayıdışa dair 2027-ci ildə 3,4 milyard manat yönəldilməsi planlaşdırılır (2026-cı il büdcəsində azad edilmiş ərazilərin bərpası üçün 3,5 milyard manat idi). Bu hissə üzrə də maliyyələşdirmə əhəmiyyətli olaraq qalır. Eyni zamanda, gəlir ilindəki cüzi azalmaya əvvəllər həyata keçirilmiş miqyaslı işlər nəzərə alınmaqla baxılmalıdır, baxmayaraq ki, məbləğin dəyişməsinin dəqiq səbəbləri ayrıca qiymətləndirmə tələb edir. Obyektlərin başa çatması ilə onların istifadəsi, əhalinin məskunlaşdırılması və iş yerlərinin yaradılması getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Beləliklə, büdcə layihəsi neft asılılığının azaldılması üzrə ortamüddətli kursa uyğundur. 2027-ci ildə qeyri-neft gəlirləri cari xərclərin 90,1%-ni örtməli, ortamüddətli dövrün sonuna qədər isə onların maliyyələşməsini tam təmin etməlidir. Bununla yanaşı, bu dəyişikliklərin dayanıqlılığı daxilolmaların artımının istehsalın, ixracın və özəl sərmayələrin genişlənməsinə nə dərəcədə əsaslanmasından asılıdır. Şübhə yoxdur ki, məhz bu bazanın inkişafı sosial öhdəliklərə və dövlət proqramlarına zərər vurmadan neft vəsaitlərinə olan ehtiyacı tədricən azaltmalıdır.


