"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlər yekunlaşmaq üzrədir

İspaniyanın "Barselona" futbol klubunun Bakıda açılacaq akademiyası ilə bağlı işlərin son mərhələsi icra olunur.
"AzFar" şirkətinin nümayəndəsi Şövqi Babayev məsələ ilə bağlı Oxu.Az-a məlumat verib.
Bildirilib ki, sahəsi 9 500 m² olan əsas meydançada süni qazon örtüyünün quraşdırılması işləri yekunlaşmaq üzrədir. Sahəsi 4 200 m² olan köməkçi meydançanın yenidən qurulması isə hazırda davam etdirilir. Ərazidə bina fasadı və köməkçi sahələrdə təmir-bərpa və abadlıq işləri aparılır.
İnzibati binada kompleks şəkildə elektromexanik və incə işlər görülür, həmçinin "Barselona" futbol məktəbinin ab-havasını əks etdirəcək şəkildə mebel və avadanlıqlar yeniləri ilə əvəz olunur. Bununla yanaşı, əsas meydançada işıqlandırmanın yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir: köhnə işıqlandırma qurğuları demontaj edilir və onların yerinə yeni avadanlıqlar quraşdırılır.
Eyni zamanda, tribunalar və məhəccərlərdə bərpa işləri davam edir.
Xatırladaq ki, "ASK Arena" oktyabr ayının sonları - noyabr ayının əvvəllərində təhvil veriləcək.
Qeyd edək ki, stadionun yenidənqurma işlərinə iyul ayının 9-da start verilib.