Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatası başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən son yarış günündə idmançılarımız 1 qızıl, 1 gümüş, 2 bürünc olmaqla 4 medal qazanıblar.
İkinəfərlik kayak qayığında 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə yürüşdə Tengiz Qaqnidze - Qiyas Əhmədov cütü qızıl medala layiq görülüb. Eyni yürüşdə Niyaz Məlikov - İvan Vorobyanski cütü ikinci yer tutub. Sənan Cəfərzadə ilə Tahir Mövsümov 2010-2011-ci il təvəllüdlü idmançılar arasında ikinəfərlik kayakda 1000 metr məsafəyə yarışda üçüncü yerə layiq görülüblər. Komandamıza daha bir medalı ikinəfərlik akademik avarçəkmədə 1500 metr məsafəyə yürüşdə Azər İlyasov - Tunar Məmmədzadə cütü qazandırıb. Onlar 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Beləliklə, Azərbaycan komandası "Prezident Kuboku-2026” beynəlxalq reqatasını 2 qızıl, 3 gümüş, 4 bürünc olmaqla, 9 medalla başa vurub.
20-dək ölkədən 100-dən artıq idmançının mübarizə apardığı reqatada komanda hesabında Gürcüstan həm akademik, həm də kanoe növündə kuboka sahib olub.
Xatırladaq ki, “Prezident Kuboku-2026” beynəlxalq reqatası cənab Prezident İlham Əliyevin tapşırığı ilə ilk dəfə Sərsəng su anbarından başlayıb. Yarışlar Suqovuşan və Mingəçevirdə davam edib.


