Şuşada İlaxır çərşənbə: Qala qapısı qarşısında bayram tonqalı qalanıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Novruz bayramının sonuncu və ən əsas sayılan torpaq çərşənbəsi Şuşa şəhərində böyük təntənə ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa sakinləri torpağın və həyatın oyandığı İlaxır çərşənbəsini böyük ruh yüksəkliyi ilə tonqal ətrafında milli musiqi və rəqslərlə qeyd ediblər. Novruzun atributları hesab olunan Keçəl, Kosa və Bahar qızının təqdim etdikləri kompozisiyalar bayram əhvali-ruhiyyəsini daha da rəngarəng edib.
Bayram tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, Şuşa sakinləri, ictimaiyyət nümayəndələri və şəhərə təşrif buyuran qonaqlar iştirak ediblər.


