Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Kamçatkadakı zəlzələdən sonra Peruda bütün limanlar və çimərliklər bağlandı

108

Peru hökuməti Kamçatkada baş vermiş zəlzələdən sonra sunami təhlükəsi səbəbindən bütün limanları müvəqqəti bağlamaq qərarına gəlib.

Oxu.A -ın xəbərinə görə, bu barədə ölkə prezidentinin administrasiyası məlumat yayıb.

"Limanlar və çimərliklər qabaqlayıcı tədbirlər məqsədilə bağlanıb. Vətəndaşları öz təhlükəsizlikləri üçün bu tədbirlərə riayət etməyə və sahilboyu ərazilərdən uzaq durmağa çağırırıq", - deyə məlumatda bildirilir.

Qeyd olunub, ölkə ərazisində, ümumilikdə 65 liman bağlanıb.

Rusiyanın Kamçatka diyarında 6.5 maqnitudalı yeni zəlzələ baş verib.

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, yeraltı təkanlar Severo-Kurilsk şəhərindən 178 km aralıda qeydə alınıb.

Zəlzələnin episentri yerin 68 km dərinliyində yerləşib.

Eyni zamanda, Ekvadora məxsus Qalapaqos adalarında sunami təhlükəsi səbəbindən qabaqlayıcı təxliyəyə başlanılıb.

Qeyd olunub ki, bölgədə sunami dalğalarının hündürlüyü təqribən 1.4 metrə çata bilər.

Çili hökuməti Kamçatkada baş vermis 8.8 maqnitudalı zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqadar Sakit okeanda yerləşən Pasxa adasının sakinlərini təhlükəsiz zonalara təxliyə olunmalarına çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Çilinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Xidməti məlumat yayıb.

Bildirilir ki, sunami dalğalarının adaya saat 09:25-də (Bakı vaxtı ilə saat 19:25-də) çatması gözlənilir.

Çilili mütəxəssislərinin sözlərinə görə, ortaölçülü sunami təhlükəsi mövcuddur. Ölkənin bütün regionlarının sahilboyu zonalarında məktəblərdə dərslər ləğv edilib.

Rusiya Federasiyasının Kamçatka yarımadasında sunami təhlükəsi xəbərdarlığı ləğv edilib.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev çıxış edib.

O, hazırda Kamçatkada vəziyyətin stabilləşdiyini bildirib.

Kamçatka yarımadasında baş verən güclü zəlzələdən sonra yaranan sunami dalğaları ABŞ-nin Kaliforniya ştatının sahil ərazilərinə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Meteorologiya Xidməti məlumat yayıb.

"Kaliforniya ştatındakı Arena-Kov çimərliyində qabarma göstəricilərinə əsasən, sunami hazırda sahilboyu hərəkət edir", - deyə bildirişdə vurğulanıb.

Qeyd edək ki, sunami dalğaları Havay adalarının sahillərini də vurub.

Kamçatkada baş vermiş zəlzələ ilə əlaqədar Petropavlovsk-Kamçatski şəhərində fövqəladə vəziyyət rejimi elan olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə şəhər dairəsinin rəhbəri Yevgeni Belyayev açıqlama verib.

Onun sözlərinə görə, hazırda şəhərdə binaların texniki vəziyyətinin yoxlanılması davam etdirilir, mütəxəssislər ilk növbədə sosial təyinatlı obyektləri nəzərdən keçiriblər.

"Hazırda təmir olunan uşaq bağçalarından birində fasadın qismən uçması baş verib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Digər obyektlərdə isə əsasən kosmetik xarakterli zədələr - suvağın tökülməsi və zəlzələ nəticəsində yaranmış çatlar müşahidə edilib", - deyə o bildirib.

Kamçatkada baş vermiş 8.7 maqnitudalı zəlzələdən sonra 50-dən çox afterşok qeydə alınıb.

Oxu.Az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka filialının Geofizika Xidmətindən məlumat verilib.

"İlkin zəlzələ Bakı vaxtı ilə saat 03:24-də (yerli vaxtla 11:24) baş verib. Ondan sonra 50-dən çox afterşok müşahidə olunub, onların bir neçəsi hiss olunacaq qədər güclü olub", - deyə qurumdan bildirilib.

Zəlzələ nəticəsində Kuril adalarında 2 700 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. Şimali Kuril rayonunda isə zəlzələ və sunami səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Bundan əlavə, Meksika Hərbi Dəniz Qüvvələrinin Sunami Xəbərdarlıq Mərkəzi Kamçatkada baş vermiş zəlzələdən sonra ölkənin qərb sahillərində sunami təhlükəsi elan edib. Məlumata görə, dalğaların hündürlüyü 1 metrə qədər ola bilər.

"Xəbərdarlıq ləğv olunana qədər vətəndaşlara çimərliklərə yaxınlaşmamaq tövsiyə olunur. Limanlarda isə güclü axınların baş verməsi ehtimalı var. Bu səbəbdən limanlarda dayanan gəmilərə qarşı xüsusi diqqətli olmaq lazımdır", - deyə mərkəzdən bildirilib.

Zəlzələdən sonra sunami təhlükəsi həmçinin Çinin şərq sahillərində və Tayvanda da elan olunub.

Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti Kamçatkada baş verən zəlzələdən sonra ölkə sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Amerika ölkəsinin Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Xidmətinin direktoru Alisiya Sebrian məlumat verib.

"Çilinin Antarktika ərazisi də daxil olmaqla ölkənin bütün sahilləri üçün sunami təhlükəsi elan edilib", - o, mətbuat konfransında bildirib.

Ekspertlərin fikrincə, sunami Çili sahillərinə çərşənbə günü yerli vaxtla saat 14:51-dən (Bakı vaxtı ilə 22:51 - red.) çata bilər.

"Biz fəlakət risklərinin idarəedilməsi komitələrini çağıracağıq ki, vəziyyətə nəzarət edə bilək və vətəndaşları təxliyə prosesi barədə məlumatlandırmaq üçün tədbirləri koordinasiya edək. Bizim vaxtımız var, sunami qəfil olmayacaq", - o əlavə edib.

Yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb. Rusiya və qonşu Yaponiyanın hakimiyyət orqanları sakinləri sahil zonasını tərk etməyə çağırıblar. Artıq bir neçə nəfər xəsarət alıb, hələ ki itki yoxdur.

Kamçatka diyarının hakimiyyət orqanları güclü afterşoklardan sonra idarə və xidmətlərin hərəkətlərini əlaqələndirmək üçün regional qərargah yaradıb.

Qeyd olunur ki, sunami dalğası nəticəsində Saxalin vilayətinin Severo-Kurilsk limanı və balıqçılıq müəssisəsi su altında qalıb.

Bundan əlavə, ABŞ-nin Kaliforniya və Oreqon ştatlarında sunami təhlükəsi elan edilib.

Mütəxəssislərin fikrincə, Kamçatkada baş verən zəlzələdən sonra güclü afterşok prosesi gedir və bir ay ərzində maqnitudası 7.5-ə çatan afterşoklar olacaq.

Yaponiya Meteorologiya İdarəsi qeyd edib ki, Kamçatka bölgəsində baş verən zəlzələnin gücünü onunla qiymətləndirmək olar ki, hətta Kamçatkadan uzaqda yerləşən Yaponiyanın şimalında da 2 bal gücündə təkanlar hiss olunub.

Yaponiyanın özünümüdafiə qüvvələri Kamçatkada baş verən zəlzələdən sonra sunaminin hazırda Yaponiya sahillərinə doğru hərəkət etdiyi Sakit Okean üzərindəki vəziyyəti izləmək üçün döyüş təyyarələri, patrul təyyarələri və helikopterlər göndərib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın