Xəzərdə Novruz coşqusu - skuterlərin və yelkənli qayıqların paradı
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında martın 21-də Novruz bayramı şənliyi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Bakı bulvarında keçirilən tədbirdə əvvəlcə Azərbaycanın dövlət bayrağını daşıyan skuterlər Xəzər dənizində dövrə vurub. Sonra ardıcıl olaraq yelkənli qayıqların, kayak, kanoe, akademik avarçəkmə və draqon qayıqlarının sıra ilə keçidi baş tutub. Bulvar ərazisində isə yelkənli qayıq və avarçəkmə üçün xüsusi konsept trenajor alətlərində şəhər sakinlərinə özlərini sınamaq imkanı yaradılıb.
Tədbir zamanı uşaqlar üçün də əyləncəli viktorinalar və master-klaslar keçirilib. Uşaqlar, həmçinin Novruz bayramının ənənələrindən olan yumurta döyüşdürüb, şəkərbura bəzəyiblər. Musiqi proqramları zamanı paytaxt sakinləri və Bakının qonaqları rəqslərlə əsl bayram ab-havası yaradıblar. Novruz şənliyi sakinlər tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb.
Qeyd edək ki, yelkənli qayıq idmanı Azərbaycan Su İdman Növləri Federasiyasının tərkibinə daxil edilib. Qısa zaman ərzində federasiya avarçəkmə və yelkənli qayıq idmanının birgə tədbirini təşkil edib. Tədbirin keçirilmə səbəblərindən biri də avarçəkmə və yelkənli qayıq idmanının təbliği, kütləviliyin artırılması, gənclərin və yeniyetmələrin bu idman növünə cəlb edilməsidir.


