WUF13 - Dayanıqlı şəhərlər və təhlükəsiz gələcək üçün növbəti qlobal platforma
Ümumdünya Şəhərsalma Forumu (WUF) qlobal və çox vaxt planlaşdırılmamış şəhər artımının yaratdığı kritik problemləri, urbanizasiyanın yaratdığı iqlim dəyişikliyi və artan bərabərsizliklərin müzakirə olunduğu yüksəksəviyyəli konfransdır.
Bu platforma müasir dünyanın üzləşdiyi ən aktual məsələlərdən birini – sürətli şəhərsalmanı və onun icmalar, şəhərlər, ölkələr, iqlim dəyişməsi və siyasi kurslara təsirini araşdırmaq məqsədilə 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilib. Ümumdünya Şəhərsalma Forumu BMT-nin Məskunlaşma Proqramı (UN Habitat) tərəfindən təşkil və idarə olunur. İlk Forum da 2002-ci ildə bu təşkilatın baş ofisinin yerləşdiyi Keniyanın Nayrobi şəhərində keçirilib.
BMT-nin Məskunlaşma Proqramı, yəni qısa adı ilə UN Habitat 1977-ci ildə Kanadanın Vankuver şəhərində keçirilən ilk Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları və Davamlı Şəhər İnkişafı Konfransının (Habitat I) nəticəsi olaraq yaradılıb. Bu təşkilat hamı üçün adekvat sığınacaq təmin etmək məqsədilə sosial və ekoloji cəhətdən dayanıqlı şəhər və qəsəbələri təşviq etmək səlahiyyətinə malikdir. 1996-cı ildə Türkiyənin İstanbul şəhərində BMT İnsan Məskunlaşmaları Konfransı (Habitat II) tərəfindən qəbul edilmiş Habitat Gündəliyindən irəli gələn mandatı icra edir.
Dayanıqlı inkişaf məqsədləri və şəhərsalma
Dünya əhalisinin yarısından çoxunun şəhər yerlərində yaşadığını qəbul edərək şəhərsalma Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) 11-ci məqsəd kimi qeyd olunub. Bu məqsəd 2030-cu ilə qədər şəhərləri və insan məskənlərini inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı hala gətirməyi hədəfləyir.
Şəhərlərdə yoxsulluq, sosial bərabərsizlik və ekoloji problemlər durmadan artır. Urbanizasiya sürətlə davam edir və proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq. Bu artım şəhərlərin infrastruktur, mənzil və ictimai xidmətlər baxımından ciddi təzyiqlərlə üzləşməsinə yol açır. Nəticədə gecəqonduların genişlənməsi, hava çirkliliyi və şəhərlərin plansız böyüməsi kimi problemlər meydana çıxır.
DİM-dəki 11-ci məqsədin əsas ideyası da şəhərləri daha inklüziv, təhlükəsiz və dayanıqlı etməkdir. Məqsədlərdə müəyyən olunmuş birinci hədəfə görə, 2030-cu ilə qədər bütün insanlar üçün təhlükəsiz, əlverişli və münasib qiymətli mənzil və əsas xidmətlərə çıxış təmin edilməli, infrastruktur təkmilləşdirilməlidir. İkinci hədəf şəhərlərdə hər kəs üçün təhlükəsiz, əlçatan və davamlı nəqliyyat sistemlərinin qurulmasını, xüsusilə də ictimai nəqliyyatın inkişafını nəzərdə tutur. Üçüncü hədəf inklüziv urbanizasiyanın gücləndirilməsi və şəhər planlaşdırılmasının iştirakçı və davamlı şəkildə həyata keçirilməsini vurğulayır. Dördüncü hədəf dünya üzrə mədəni və təbii irsin qorunmasını və mühafizəsini gücləndirməyə yönəlib.
Beşinci hədəf təbii fəlakətlər nəticəsində ölənlərin və digər zərər çəkən insanların sayının minimuma endirilməsinə nail olmaq və iqtisadi itkiləri azaltmaq məqsədi daşıyır. Altıncı hədəf şəhərlərin ətraf mühitə mənfi təsirini azaltmaq, xüsusilə hava keyfiyyətini yaxşılaşdırmaq və tullantıların düzgün idarə olunmasını təmin etməkdir. Yeddinci hədəfə əsasən, hər kəs üçün təhlükəsiz və əlçatan yaşıl və ictimai məkanların yaradılması vacibdir. Bundan əlavə, şəhər və kənd əraziləri arasında iqtisadi, sosial və ekoloji əlaqələrin gücləndirilməsi də mühüm istiqamətlərdən biridir.
Digər hədəflər şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşmasını, fəlakətlərə davamlılığını artıran siyasətlərin tətbiqini və inkişaf etməkdə olan ölkələrə dayanıqlı tikinti üçün dəstək verilməsini əhatə edir. Ümumilikdə, bu hədəflər şəhərlərin daha sağlam, təhlükəsiz və yaşamaq üçün əlverişli mühitə çevrilməsinə xidmət edir və qlobal dayanıqlı inkişafın əsas istiqamətlərindən biri hesab olunur.
Yeni Şəhərsalma Gündəliyi (New Urban Agenda)
Dünya liderləri 2016-cı ildə Ekvadorun Kito şəhərində keçirilmiş konfransda dayanıqlı şəhər inkişafı üçün yeni qlobal standart müəyyən edən və şəhərləri yenidən planlaşdırmaq, idarə etməyə kömək edəcək Yeni Şəhər Gündəliyini qəbul ediblər. Yeni Şəhər Gündəliyi inkişaf etmiş, mədəni və sosial rifah mərkəzləri kimi xidmət edə biləcək şəhərlərin qurulması üçün yol xəritəsi rolunu oynayır. Gündəlik, həmçinin Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün istiqamətləri müəyyən edir və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün baza rolunu oynayır.
Qısa sözlə desək, Yeni Şəhər Gündəliyi kompakt və smart şəhərləri, yaşıl ictimai nəqliyyatı və əlverişli xidmətləri təşviq edir.
Ümumdünya Şəhərsalma Forumu və Azərbaycan
2023-cü il dekabrın 22-də “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” imzalanıb. 2024-cü ilin martında bu Saziş Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunub. 2025-ci il aprelin 25-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) milli koordinatoru təyin edilib. Həmin il iyunun 5-də WUF13-ün keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
Beləliklə, WUF13 bu il mayın 17-22-də Bakı şəhərində keçiriləcək. Forumun mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri”dir. Yüksəksəviyyəli dövlət rəsmiləri, beynəlxalq təşkilatların üzvləri və memarlıq və şəhərsalma üzrə ekspertlər Forumun işində iştirak edəcəklər.
Forum BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Onun Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir.
Forumun Bakıda keçirilməsi, eyni zamanda, Azərbaycanın son illərdə şəhərsalma və ərazi bərpası istiqamətində apardığı genişmiqyaslı işlərin beynəlxalq səviyyədə tanınmasına imkan yaradacaq.
WUF13-ün Azərbaycanda keçirilməsi ölkənin “UN-Habitat” ilə dərinləşən əməkdaşlığının və qlobal şəhərsalma proseslərində getdikcə artan rolunun təsdiqidir. Bu Forum Azərbaycan üçün təkcə nailiyyətlərini sərgiləmək imkanı deyil, həm də gələcəkdə qlobal iqlim dəyişikliklərinə, şəhər mühitinin idarə edilməsinə və dayanıqlı inkişaf hədəflərinə cavab verəcək yeni beynəlxalq tərəfdaşlıqlar qurmaq baxımından əhəmiyyətli platforma olacaq.


