Azərbaycan Tibb Universitetində kök hüceyrələr üzrə ilk dərs vəsaitinin təqdimatı olub
Azərbaycan Tibb Universitetində kök hüceyrələr üzrə ilk dərs vəsaitinin təqdimatı olub
Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Araşdırmalar Mərkəzində biologiya elmləri doktoru, dosent Günay Əkbərova-Ben-Tzvinin “Kök hüceyrələri” dərs vəsaitinin təqdimatı keçirilib. Kitab Azərbaycanda kök hüceyrələr sahəsində nəşr olunmuş ilk dərs vəsaitidir.
Bu barədə AZƏRTAC-a ATU-dan bildirilib. Tədbiri ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Elmi Araşdırmalar Mərkəzinin direktoru tibb elmləri doktoru, professor Orxan İsayev açıb. Müəllif çıxışında kitabın yazılma tarixçəsindən, quruluşu və fərqləndirici xüsusiyyətlərindən bəhs edib, ölkədə bu sahə üzrə ixtisaslı milli kadrların hazırlanmasının vacibliyini vurğulayıb. 376 səhifə və 10 fəsildən ibarət kitabda kök hüceyrələrin biologiyası, klinik tətbiqi, eləcə də Azərbaycan da daxil olmaqla 37 ölkənin qanunvericiliyi və bioetik məsələlər işıqlandırılıb, 1300-dən artıq elmi mənbəyə istinad edilib.
Təqdimatda ATU-nun elmi işlər üzrə prorektoru professor Məlahət Sultan, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov, ATU-nun professoru Eldar Qasımov, “Baku Medical Plaza”nın Kök hüceyrə mərkəzinin müdiri Aytən Səfərli və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Kök hüceyrə və regenerativ tibb bölməsinin müdiri Rəşad Rəsulov çıxış edərək müəllifi təbrik ediblər. Natiqlər vurğulayıblar ki, indiyədək ölkədə bu mövzuda nə dərs vəsaiti, nə də Azərbaycan dilində müvafiq terminologiya mövcud idi, mütəxəssislərin sayının artdığı bir dövrdə isə gələcək kadrların hazırlanması üçün möhkəm nəzəri baza zəruridir. Professor Nuru Bayramov kitabı son dövrdə bu sahədə ərsəyə gətirilmiş ən yaxşı əsərlərdən biri adlandırıb. O, təqdimatdan əvvəl kitabla qismən tanış olduğunu qeyd edərək bu sahədə hazırda mövcud olan böyükhəcmli məlumatın bir mənbədə toplandığını, bunun isə həm gələcək kadrların hazırlanması, həm də mütəxəssislər üçün çox vacib olduğunu vurğulayıb. Prorektor Orxan İsayev kitabın ATU-nun tədris proqramına inteqrasiya olunmasını, kadr hazırlığı üçün xüsusi kursun yaradılmasını, eləcə də bu sahənin mütəxəssislərini birləşdirən assosiasiya və ya platformanın təsis edilməsini təklif edib. O, kitabda hüquqi və etik prinsiplərə, müxtəlif ölkələrin qanunvericiliyinin və dini konfessiyaların mövqeyinin müqayisəli təhlilinə geniş yer verilməsini xüsusi qeyd edib. Kitabın hər fəslini müvafiq sahənin mütəxəssislərinin yazacağı birgə nəşrin hazırlanması da təklif olunub. Sonda müəllif iştirakçıların kök hüceyrələrin onkologiyada və digər xəstəliklərin müalicəsində tətbiqi ilə bağlı suallarını cavablandırıb.
Tədbirdə ATU-nun Elmi Araşdırmalar Mərkəzinin bütün şöbələrinin, eləcə də Sitologiya, embriologiya və histologiya kafedrasının əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Günay Əkbərova-Ben-Tzvi 1999-cu ildən Bakı Dövlət Universitetinin Genetika və təkamül təlimi kafedrasında və SABAH mərkəzində çalışıb. Doktorluq işini Roma Sapienza Universitetində yerinə yetirib, Avropa İnsan Genetikası Cəmiyyətinin, Elmin İnkişafı Fondunun, Elm və Təhsil Nazirliyinin və British Council-ın qrantlarına layiq görülüb. Azərbaycanda toxuma mühəndisliyi sahəsində tədqiqatlara başlayan ilk alimdir, 85-dən artıq elmi işin müəllifidir.


